Cavabdeh qurumlar məsələnin yaxın zamanlarda həll ediləcəyini söyləyir
Bir neçə gün əvvəl – yanvarın 25-də 20-ci əsrin əvvəllərində yaşamış azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin anadan olmasının növbəti ildönümü tamamlandı.
Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə qəbul edilən qərarlardan biri də Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması və Bakının müvafiq ərazisində ucaldılması ilə bağlı idi.
Keçən müddət ərzində bu məsələ ilə bağlı mətbuata verilən açıqlamalarda deyilmişdi ki, heykəl yaxın zamanlarda şəhərin mərkəzi küçələrinin birində qoyulacaq. Lakin bir ilə yaxın zaman keçməsinə baxmayaraq, nə heykəl qoyulub, nə də hansı tarixdə qoyulacağı məlumdur. Hafta.az məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlayıb.
Öncə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov söylədi ki, heykəl artıq hazırdır:
“Onun nə vaxt quraşdırılması ilə bağlı tapşırıq gözləyirik. Yeri isə elə bir il öncə deyildiyi kimi, Bakı metrosunun İçərişəhər stansiyasının önü olaraq müəyyənləşdirilib”.
Daha sonra məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Buradan da bizə heykəlin hazır olduğu deyildi:
“Heykəl hazırdır, qalıb yerinə quraşdırmaq. Heykəl bürünc materialdan hazırlanıb. Elə hazırda da məsələyə təhkim edilən qurumlar onun üzərində çalışırlar, bu da tezliklə həllini tapacaq”. Lakin qurumdan məsələnin həllini ləngidən səbəblərə aydınlıq gətirilmədi.
Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəli Xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında hazırlanıb. Elə növbəti müsahibimiz də rəssam-heykəltəraş Xanlar Əhmədov oldu. Onun sözlərinə görə heykəl təzə hazır olmayıb:

“Ötən ilin mart ayından bu yana Hacı Zeynalabdin Tağıyevin heykəli hazırdır. Qərarlaşdırmışdıq ki, Novruz bayramına qədər qoyulsun. Pandemiya ilə əlaqədar olaraq bu günə qədər qalıb. Hələ nə qədər belə davam edəcəyi isə bilinmir”.
Heykəltəraş onu da qeyd etdi ki, heykəl 2 metr 60 santimetr ölçüsündədir, tuncdan hazırlanıb. Alt hissəsi qırmızı qranitdən olacaq. Onun ölçüləri isə hələ məlum deyildir.
Paytaxtın mərkəzi küçələrinin birində Hacı Zeynalabdın Tağıyevin heykəlinin ucaldılması təklifini ilk irəli sürən Əməkdar artist Bəhram Bağırzadənin isə mövzuya yanaşması bu cür oldu. “Heykəlin ucaldılmasına az qalıb”.
Ümid edirik ki, tezliklə mövcud problemlər öz həllini tapar. Şəhərin mərkəzində böyük insan, böyük xeyriyyəçi, milli kadrların yetişdirilməsində əvəzsiz rolu olan şəxsiyyətin heykəli ucaldılar.